European Union External Action

Ölüm cəzasına qarşı Ümumdünya Günü, 10 Oktyabr 2020: Avropa İttifaqının Ali Nümayəndəsi və Avropa Şurasının Baş Katibinin Birgə Bəyannaməsi

Brüssel, 10/10/2020 - 14:06, UNIQUE ID: 201012_12
Joint Statements

Bu gün Ölüm Cəzasına qarşı Ümumdünya və Avropa Günündə Avropa İttifaqı və Avropa Şurası, bütün hallarda ölüm hökmünün tətbiq olunmasına qarşı olduqlarını bir daha təsdiqləyir və edam cəzasının ümumiyyətlə ləğv edilməsini tələb edirlər.

Ölüm cəzasının tətbiq edilməsi hallarının davamlı şəkildə azalmasını alqışlayırıq ki, bu da ümumdünya səviyyəsində onun ləğv edilməsi istiqamətində ümumi tendensiyanın olması ilə təsdiqlənir. 2019-cu ildə, ikinci növbəti ildə edamlar dünyanın yalnız 20 ölkəsində həyata keçirildi. Bu, tarixə məlum olan minimum saydır, lakin buna baxmayaraq 20 ölkə yenə də çoxdur. Bu səbəbdən, fürsətdən istifadə edərək, Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərini 2020-ci ilin dekabrında BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında ölüm cəzasının tətbiqinə Moratoriumun qoyulması qətnaməsini dəstəkləməyə çağırırıq.

Ölüm Cəzasına Qarşı Dünya Koalisiyası bu ili effektiv hüquqi təmsilçilik hüququna həsr etmişdir. Bu fundamental hüququn pozulması qeyri-mütənasib şəkildə cəmiyyətin təcrübəli vəkil tutmağa maddi imkanı olmayan və ya hüquq sistemi ilə tanış olmayan ən həssas üzvlərinə təsir edir. Ədalət sistemlərinin, lazım gəldikdə dəqiq yazılı və şifahi tərcümə xidmətləri də daxil olmaqla, səmərəli bir müdafiə hazırlamaq üçün resurs təmin etməsi vacibdir.

Cinayət törədənlər məsuliyyətə cəlb olunmalı və cəzalandırılmalıdır. Hər bir halda, cəzanı ləğv etmiş ölkələrin təcrübəsi onu göstərdi ki, ölüm hökmünün olması zorakı cinayətin törədilməsindən çəkindirmir və cəmiyyətin daha təhlükəsiz olmasına kömək etmir. Əksinə, cəza olaraq kimisə öldürmək mənasız zorakılıq silsiləsini daimiləşdirir.

Ölüm cəzasının ləğv edilməsinə yönələn Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq Protokollarına və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Fakultativ Protokoluna hələ qoşulmamış Avropa Şurasına üzv dövlətlərini  təxirə salmadan bunu etməyə çağırırıq. Avropa Şurası və Aİ bir daha hələ də ölüm cəzası tətbiq edən yeganə Avropa ölkəsi olan Belarusu ölüm cəzasını ləğv etməyə, bu qəddar və qeyri-insani praktikadan birdəfəlik imtina etmiş xalqların böyük əksəriyyətinə qoşulmağa çağırır. Biz hələ də ölüm cəzasını ləğv etməmiş Avropa Şurasında müşahidəçi dövlətləri ölüm cəzasının ləğvinə mane olan məsələlər ətrafında açıq müzakirə təşviq etməyə çağırırıq.

Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən işgəncə və / və ya digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza, o cümlədən ölüm cəzası üçün istifadə olunan malların ticarəti ilə bağlı Tövsiyənin qəbul olunmasını gözləyirik. Biz də bütün ölkələri işgəncə və ölüm cəzasına qarşı qlobal əməkdaşlığın əlamətdar nümunəsi olan İşgəncəsiz Ticarət Naminə Qlobal İttifaqa qoşulmağa və işgəncəsiz ticarətlə bağlı ortaq beynəlxalq standartların yaradılması istiqamətində səyləri artırmağa təşviq edirik.

 

Languages:
Redaksiya Bölmələri: