European Union External Action

Avropa İttifaqı və ÜST Azərbaycanda COVID-19-la ön cəbhədə mübarizəni zəruri tibbi ləvazimatlarla dəstəkləyir

Bakı, 25/06/2020 - 16:40, UNIQUE ID: 200625_15
Press releases

Azərbaycandakı tibb işçilərinə COVID-19 pandemiyası ilə effektiv və təhlükəsiz mübarizə aparmaqda kömək etmək məqsədilə 22 iyun tarixində respirator maska, qoruyucu eynək, şəffaf maska və qoruyucu kombinezonlar ölkəyə gətirilib.

Avropa İttifaqının maliyyələşdirdiyi və ÜST tərəfindən ölkəyə gətirilən 168 min ədəd fərdi qoruyucu vasitənin 10 mini şəffaf maska, 10 mini qoruyucu eynək, 8 mini qoruyucu kombinezon və 140 mini respirator maskadır.

Bu virusla ön cəbhədə mübarizə aparan tibb işçilərinin təhlükəsizliyi üçün göndərilən bütün avadanlıqların keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsi yoxlanışdan keçirilib.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı COVID-19-un yayılmasının qarşısını almaq məqsədilə böyük yardım paketinin bir hissəsi olan bu avadanlıqları Səhiyyə Nazirliyinə təhvil verib.

 “İndi təcrid deyil, beynəlxalq həmrəylik və liderlik nümayiş etdirmək vaxtıdır. Avropa İttifaqı və Üzv Dövlətlər birlikdə “Avropa Komandası” olaraq Aİ-nin Şərq qonşuluğunun dayanıqlığını və ictimai səhiyyə sahəsində fövqəladə hallara qarşı mübarizə potensialını gücləndirmək üçün COVID-19 pandemiyasının qarşısını almağa, virusu aşkarlamağa və mübarizə aparmağa kömək edir”,  Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib.

“COVID-19 sərhəd tanımadığı kimi, ona qarşı mübarizəni mütəşəkkil, həmrəylik, qarşılıqlı yardım, qazanılan müsbət təcrübədən istifadə təməllərinin üzərində qurmaq zəruridir və sərhəd tanımamalıdır.

Səhiyyə Nazirliyi adından Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı rəsmilərinə və Xarici İşlər Nazirliyinin əməkdaşlarına öz təşəkkürümü bildirirəm və birmənalı olaraq əminliyimi bildirirəm ki, insanların sağlamlığının qorunması ən alicənab və nəcib işdir”, Səhiyyə nazirinin müavini Rahim Əliyev qeyd edib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bu ləvazimatların ölkə daxilindəki tibb müəssisələrinə paylanmasını təmin edəcək.

 “Tibb işçiləri, COVID-19 pandemiyasına qarşı mübarizədə ön cəbhədədirlər və bu da onların virusa yoluxma riskini artırır. Onlar bizim qəhrəmanlarımızdır, lakin onların da qorunmağa ehtiyacı var”, ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı bildirib.

 “Avropa İttifaqının səxavətli töhfəsi sayəsində göndərilən bu qoruyucu vasitələr ölkəmizdəki tibb işçilərinin gündəlik fəaliyyətlərində üzləşdikləri riskləri azaltmağa, onları, xəstələri və bu virusdan zərər görə biləcək digər şəxsləri qorumağa dəstək göstərəcək", o, sözlərinə əlavə edib.

Fərdi qoruyucu vasitələrin ianəsi hazırda 188-dən çox ölkə və əraziyə yayılan COVID-19 pandemiyasına qarşı Avropa İttifaqının mübarizə tədbirlərinin tərkib hissəsidir. 27 mart 2020-ci ildə Avropa İttifaqı Azərbaycan daxil olmaqla Şərqi Avropa və Qafqazda altı ölkədə, COVID-19 pandemiyasının qarşısını almaq, virusu aşkar etmək və mübarizə aparmaq məqsədilə 30 milyon avro dəyərində yardım paketi ayırdığını elan edib.

Bu vəsait ilkin olaraq zəruri ləvazimatların alınması və tibb işçiləri, virusa qarşı ön cəbhədə mübarizə aparan şəxslər üçün təlimlərin keçirilməsi kimi fövqəladə ehtiyacların ödənilməsi məqsədilə istifadə ediləcək. Uzunmüddətli perspektivdə bu yardım ölkənin ictimai səhiyyə sahəsində fövqəladə hallara qarşı mübarizə potensialının gücləndirilməsinə yönəldiləcək.

Layihə Avropa İttifaqının və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

Əlavə məlumat üçün:

Fənarə Bünyadzadə

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

ÜST-nin Ölkə Ofisi

Gülnarə Bayramova

Mətbuat katibi

Aİ-nin Azərbaycan Nümayəndəliyi
 

 

 

 

 

Languages:
Redaksiya Bölmələri: