Kənd təsərrüfatına dövlət dəstəyinin effektivliyinin və səmərəliliyinin artırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin potensialının gücləndirilməsi

03.09.2019

Bu tvinninq layihəsinin ümumi məqsədi kənd təsərrüfatına və kənd yerlərinin inkişafına dövlət dəstəyi sisteminin effektivliyinin və səmərəliliyinin artırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə dəstək verilməsi və iqtisadiyyatın şaxələndirilməsi, rayonlar arasındakı fərqlərin azaldılması və kənd yerlərində dolanışıq səviyyəsinin yaxşılaşdırılması üzrə Hökumətin siyasətinin həyata keçirilməsinə köməklik göstərilməsidir.
Xüsusi məqsəd Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatına və kənd yerlərinin inkişafına effektiv dövlət dəstəyini müəyyən etmək, buna dair proqramlar tərtib etmək və bu dəstəyi həyata keçirmək potensialının Aİ-nin müvafiq siyasət prinsiplərinə və qabaqcıl təcrübələrinə uyğun şəkildə gücləndirilməsidir.

Gözlənilən nəticələr:

  • Subsidiya siyasətinin təhlili, formalaşdırılması, monitorinqi və qiymətləndirilməsi üzrə Kənd Təsərrüfatı Nazirliyinin potensialının gücləndirilməsi. Bu, daha çox dövlət dəstəyinin “istehsalla əlaqəli olmayan” dəstək formasına (“yaşıl zənbil” tədbirləri) yönəldilməsini ehtiva edəcək və subsidiyaları yaxşı kənd təsərrüfatı təcrübəsi ilə əlaqələndirmək üçün vasitələri təmin edəcək.   
  • Kənd Təsərrüfatı Nazirliyinin kənd yerlərinin inkişafı üzrə proqramlar hazırlayaraq həyata keçirmək potensialının artırılması. Bu, kənd yerlərinin inkişafı ilə bağlı Aİ-nin siyasəti, proqramların hazırlanması və icrası təcrübəsi ilə tanışlığı təmin edəcək. Əsas diqqət yetirilən sahələrdən biri ətraf mühitin mühafizəsinə və kənd təsərrüfatı sahəsində əməkdaşlığa dəstək verən kənd yerlərinin inkişafı tədbirlərinin işlənib hazırlanması olacaqdır. 

Kənd Təsərrüfatı Nazirliyinin subsidiya ödənişlərinin şəffaf və effektiv şəkildə həyata keçirilməsi və onlara nəzarət üzrə potensialının gücləndirilməsi. Bu, birbaşa sahə əsaslı ödənişlərə daha səmərəli nəzarət üçün torpaq sahələrinin identifikasiyası sisteminin də daxil olduğu Azərbaycanın subsidiya siyasəti üzrə informasiya sisteminin (SSİS) daha da inkişaf etdirilməsini ehtiva edəcəkdir.