French Polynesia and the EU

Ölüm Cəzasına Qarşı Avropa və Ümumdünya Günü, 10 oktyabr 2021-ci il: Avropa İttifaqı adından Ali Nümayəndənin və Avropa Şurası adından Baş Katibin Birgə Bəyanatı

Brussels, 08/10/2021 - 17:04, UNIQUE ID: 211005_36
Joint Statements

Ölüm Cəzasına Qarşı Avropa və Ümumdünya Günündə Avropa İttifaqı və Avropa Şurası hər zaman və bütün hallarda ölüm cəzasının qətiyyətlə əleyhinə olduqlarını bir daha təsdiqləyirlər. Ölüm cəzası yaşamaq hüququna zidd olan qəddar, qeyri-insani və ləyaqəti alçaldan cəzadır. Onun ləğvi insan ləyaqətinə hörməti təmin etmək baxımından vacibdir.

Bu ilki Ümumdünya Günü qadınlara həsr olunub. Qadınlar dünyada barəsində ölüm hökmü çıxarılanların az bir hissəsini təşkil etsələr də, gender əsaslı ayrı-seçkilik cinayət işləri üzrə ədalət mühakiməsinin bütün səviyyələrində qadınlara təsir göstərməkdə davam edir. Bəzi ölkələrdə qadınlar zina kimi cinsi əxlaqla bağlı cinayətlərə görə kişilərə nisbətən daha çox ölüm cəzasına məhkum edilirlər. Üstəlik, cinayət prosesində gender əsaslı zorakılıq və sui-istifadə ilə əlaqədar yüngülləşdirici hallar nadir hallarda nəzərə alınır.

Ölüm hökmünün ləğvi ilk növbədə siyasi iradə məsələsidir. İnsanların hələ də edam olunduğu ölkələrin sayının azalmasının davam etməsi faktını alqışlayırıq. Keçən il 176 ölkədə edam cəzası icra edilməmişdir ki, bu da BMT-na üzv dövlətlərin 91%-ni təşkil edir. Hər il ölüm cəzasının qlobal şəkildə ləğvi istiqamətində yeni addımlar atılır. Oktyabrın 8-də Sierra Leonedə ölüm cəzası ləğv olundu. Bu il ABŞ-da edam cəzası daha bir yerdə - Virciniya Ştatında ləğv edildi. Prezident Baydenin ABŞ-da federal səviyyədə edam cəzasını ləğv etmək niyyəti, habelə ABŞ Baş Prokuroru tərəfindən edamlara qoyulan moratorium gələcək üçün vacib addımlardır.. Ermənistanda ölüm cəzasının ləğvi ilə bağlı ikinci əlavə protokol ratifikasiya edildi, Qazaxıstanda ratifikasiyanın yekunlaşması prosesi gedir. Belarusiyanı ölüm cəzasının ləğv olunması yoluna çağırırıq.

Ölüm cəzasının ləğvi baxımından onun üçün istifadə olunan malların ticarətinin dayandırılması xüsusilə vacibdir. Aİ-nin "İşgəncələrə Qarşı" Tənzimləməsini əks etdirən Avropa Şurası, bu il Avropanın bu qorxunc ticarətdə iştirakını dayandırmaq məqsədini güdən Tövsiyə qəbul etdi ("Ölüm cəzası, işgəncə və digər qəddar, qeyri -insani və ləyaqəti alçaldan rəftar və ya cəza üçün istifadə olunan mal ticarəti əleyhinə tədbirlər haqqında” haqqında CM/Rec(2021)2 saylı tövsiyə). Avropa Şurasına üzv olan bütün ölkələri onu həyata keçirməyə təşviq edirik. Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq Protokollarına hələ qoşulmamış Avropa Şurasına üzv dövlətlərin bunu gecikmədən edəcəyinə ümid edirik. İşgəncəsiz Ticarət Qlobal İttifaqına bu gün 62 dövlət daxildir. Biz bütün dövlətləri ona qoşulmağa və işgəncəsiz ticarətlə bağlı ümumi beynəlxalq standartların müəyyən edilməsi istiqamətində səyləri artırmağa çağırırıq.

2022-ci ildə Ölüm Cəzasına Qarşı Dünya Konqresi ərəfəsində ölüm cəzası, onun ailələrə və cəmiyyətlərə dəhşətli təsiri ilə bağlı artan ictimai müzakirələri və maarifləndirmə işlərini dəstəkləməyə davam edəcəyik. Ölüm hökmü icra olunmayana qədər işimizi və sayıqlığımızı, onun hələ ləğv olunmadığı ölkələrlə dialoqumuzu, vətəndaş cəmiyyəti və QHT-lərə dəstəyimizi dayandırmayacağıq.

Redaksiya Bölmələri:

Müəllif