Delegation of the European Union to the Republic of Moldova

Şərq tərəfdaşlığı ölkələrində müstəqil medianın üzləşdiyi problemlərin həlli

Bruxelles, 12/09/2017 - 12:09, UNIQUE ID: 170912_12
Press releases

2017-ci il sentyabrın 13-də Kiyevdə Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin 2-ci Media Konfransı keçiriləcək. Tədbirin məqsədi Avropa İttifaqının (Aİ) şərq tərəfdaş ölkələrində jurnalistlərin üzləşdiyi problemlərin artmasına diqqət cəlb etməkdir.

Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Aİ-nin üzvləri və başqa dövlətlərdən olan 350 media mütəxəssisi və donoru bir araya gətirən konfrans sağlam media mühitinin formalaşmasına mane olan amilləri müəyyənləşdirmək, onların aradan qaldırılması yollarını müzakirə etmək, eləcə də Aİ və digər donorların bu ölkələrdə müstəqil jurnalistləri necə dəstəkləyə biləcəklərini araşdırmaq üçün unikal platformadır.   

Tədbir iştirakçılarına ünvanladığı müraciətdə Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarı Yohannes Han vurğulayıb ki, “İfadə azadlığı İttifaqımızın qurulmasında əsas təməllərdən biridir. Biz inanırıq ki, uğurlu cəmiyyətlər üçün güclü və müstəqil mətbuat dünyanın istənilən yerində çox vacibdir. Bu günkü konfrans pluralizm və medianın müstəqilliyi məsələlərində Aİ ilə tərəfdaş ölkələr arasında sıx əməkdaşlığın önəmini açıq-aydın göstərir.”

Tədbiri Avropa Komissiyası Avropa Xarici Fəaliyyət Xidməti ilə birlikdə və Ukrayna Hökumətinin dəstəyi ilə təşkil edib.

Son on il ərzində Avropa İttifaqı Şərq tərəfdaşlığı ölkələrində media ilə bağlı təşəbbüslərin dəstəklənməsi üçün təxminən 30 milyon avro xərcləyib və ayırıb. Müstəqil jurnalistika demokratik cəmiyyətin inkişafı üçün zəruri şərtdir və Avropa İttifaqı öz qonşuluğunda azad, müstəqil və plüralist media mühitini dəstəkləmək öhdəliyinə tam sadiqdir. 

Konfransda Şərq qonşuluğu ölkələrində media işçilərinin üzləşdiyi müxtəlif təzyiqlər nəzərdən keçiriləcək. İştirakçılar həmçinin xəbər və reportajların istehsalında iqtisadi dayanıqlığa nail olmağın yollarını və ictimai yayım sektorlarında islahatların aparılmasında qarşıya çıxan çətinlikləri müzakirə edəcəklər.  

Konfrans iştirakçıları media orqanlarının daha dayanıqlı olması və jurnalistlərin peşəkarlığının artırılması yollarını da müzakirə edəcəklər. Sosial mediada dezinformasiya kampaniyaları, eləcə də qərəzli və yaxud yanlış məlumatların yayılmasından irəli gələn problemlər də müzakirə mövzusu olacaq. Burada cəmiyyətdə tənqidi düşüncə tərzinin artmasına medianın necə kömək edə biləcəyinə xüsusi diqqət veriləcək.

Avropa Demokratiyaya yardım Fondu (EED) konfransdan öncə keçirəcəyi tədbir zamanı Şərq Tərəfdaşlığı ölkələrində müstəqil medianın dəstəkləməsi ilə bağlı öz təcrübəsini bölüşəcək. Tədbirdə sürətlə dəyişən siyasi mühitlər və cəmiyyətlərin transformasiyası kontekstində müstəqil media orqanlarının rolu diqqət mərkəzində olacaq.  

EED – Aİ-nin müəyyən üzv dövlətləri və Avropa institutlarının maliyyələşdirdiyi özəl qrantlar ayıran təşkilatdır. 

Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin 2-ci media konfransı 2017-ci ilin noyabrında Brüsseldə keçiriləcək 5-ci Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq məqsədi ilə təşkil olunur. Konfrans zamanı aparılan müzakirələr və onun nəticələri Sammit danışıqlarının əsasını təşkil edəcək. 

AÇIQ MEDİA MƏRKƏZİ

Medianı dəstəkləmək üçün Aİ-nin maliyyələşdirdiyi layihə

1) Menecerlər və jurnalistlərə media məhsullarının istehsalı ilə bağlı təlim və dəstək

2) Təcrübə icması

3) Aİ-nin töhfələri, daxili idarəetmə üzrə mentorluq

4) Mentorluq nəticəsində istehsal və yayım

5) Müxtəlif dillərdə məzmun paylaşan platforma, bu günədək 99 yayım & 83 çap və onlayn hekayələr, 1850-dən çox təkrar istifadə

6) Maddi və texniki dəstək: Ermənistan, Gürcüstan, Moldova və Ukrayna gəncləri üçün yeni “20 yaşında olmaq” müsabiqəsi başlanıb

7) 10,000-dən çox üzvü olan ingiliscə və rusca onlayn peşəkar şəbəkəqurma hesabları.

 

Əlavə məlumat üçün: http://openmediahub.com/ru/

Onlayn kurslar: http://openmediahub.com/e-learning   

Yeni müsabiqələr: http://openmediahub.com/ru/open-calls/

Ödənişsiz məzmun: http://openmediahub.com/ru/access-stories/

 

AVROPA DEMOKRATİYAYA YARDIM FONDU (EED)

Maliyyələşməyə Aİ-nin ayırdığı birbaşa qrantlar da daxildir

1) Əsas və aralıq maliyyələşməsi

2) Çevik maliyyələşmə

3) Yeni kütləvi informasiya vasitələrinin start-up layihələrinin maliyyələşməsi

4) Yeni məzmun növlərinin istehsalı

5) Məhdud mühitlərdə medianın dəstəklənməsi

 

Müraciətlər üçün: www.democracyendowment.eu/support

Əlavə məlumat əldə etmək üçün ölkənizdəki Aİ Nümayəndəliyinin xəbərlərini izləyin.