Koronavirus: Avropa İttifaqı Azərbaycanı dəstəkləyir

30.03.2020

Avropa Komissiyası, koronavirus infeksiyasının yayılmasına qarşı qlobal miqyasda həyata keçirdiyi tədbirlər çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinə dəstək nümayiş etdirərək Azərbaycan da daxil olmaqla təcili diqqət tələb edən ehtiyaclar üçün 140 milyon avro dəyərində yardım paketi ayırmışdır. Avropa Komissiyası həmçinin təxminən 700 milyon avro dəyərində olan mövcud alətlərinin istifadəsini koronavirus böhranının sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasına yönəltməyi planlaşdırır.

Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissar Olivér Várhelyi bildirib: "Hazırda həm Aİ, həm də tərəfdaş ölkələrimiz üçün çox ağır bir dövrdür. Biz COVID-19 virusunun insanların həyatı və gəlir mənbələrinə ağır fəsadlarının aradan qaldırılması istiqamətində əlimizdən gələni edirik. Biz həm səhiyyə sistemlərinin təcili diqqət tələb edən ehtiyaclarına, eləcə də cəmiyyətin ən həssas qruplarının və altı ölkədə iqtisadiyyatın dayağı hesab olunan kiçik və orta sahibkarlığın uzunmüddətli ehtiyaclarına cavab veririk”. 

 

Təcili diqqət tələb edən ehtiyaclara cavab:

Azərbaycanın səhiyyə sisteminə dəstək: Tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın müraciətlərinə əsasən Avropa Komissiyası, süni tənəffüs aparatları, laboratoriya avadanlığı, tibbi maskalar, tibbi eynəklər və xüsusi tibbi geyimlər kimi tibbi cihazlar və şəxsi vasitələr təmin etməklə həmin ölkələrin təcili diqqət tələb edən ehtiyaclarına cavab verməyi nəzərdə tutur. Avropa Komissiyası Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə çalışır və adı çəkilən zəruri ləvazimatların birlikdə və səmərəli şəkildə alınması və qarşıdakı həftələrdə altı ölkənin səhiyyə sistemlərinə paylanması məqsədilə 30 milyon avro ayırmışdır. Bu vəsaitlər həm də tibb müəssisələri və laboratoriyaların işçi heyətinə təlimlərin keçirilməsi və daha böyük əhali kütləsi üçün maarifləndirmə işlərinin aparılması istiqamətində yerli səhiyyə qurumlarını dəstəkləyəcəkdir.

Vətəndaş cəmiyyəti tərəfaşları ilə birgə böhranın daha çox təsir göstərdiyi insanlara dəstək. Avropa Komissiyası vətəndaş cəmiyyəti təşkilatlarına kiçik qrantlar şəklində 11,3 milyon avrodan artıq vəsait ayırmışdır. Sözügedən vəsaitlər "Sürətli cavab mexanizmi" kimi hazırda davam edən regional proqram vasitəsilə bu ölkələrdə distant təhsilin inkişafına dəstək verərək ilkin ehtiyacları qarşılamaqdadır. Avropa Komissiyası, yay fəslinə qədər sözügedən dəstək paketi çərçivəsində vətəndaş cəmiyyətinə, xüsusilə daha kiçik yerli təşkilatları subqrantlar vasitəsilə dəstəkləməklə əhalinin ən çox zərər çəkmiş hissələrinə yönəlmiş "Şərq Tərəfdaşlığı Həmrəylik Proqramının" icrasına başlamağı nəzərdə tutur.

 

Xəstəliyin sosial-iqtisadi fəsadlarının aradan qaldırılması:

Azərbaycanın iqtisadiyyatına, xüsusilə kiçik və orta müəssisələrə (KOM) dəstək. Avropa İttifaqı, “TEAM EUROPE” kimi Aİ-yə üzv dövlətlərdə fəaliyyət göstərən Beynəlxalq Maliyyə Qurumları (BMQ-lər) və müvafiq maliyyə institutları ilə sıx əməkdaşlıq edərək KOM-lar daxil olmaqla, real iqtisadiyyata Avropanın əlaqələndirilmiş dəstəyini təmin edir və buraya aşağıdakı vasitələr daxildir:

  • Özünüməşğul və digər şəxslər daxil olmaqla, KOM-ların kreditlərə asan çıxış imkanına kömək və böhrandan sonra onların bizneslərinin inkişafına şərait yaratmaq üçün 100 milyon avro dəyərində yeni dəstək proqramının icrası;
  • EU4Business təşəbbüsü və digər vasitələrlə KOM-lar üçün nəzərdə tutulmuş 200 milyon avro dəyərində olan və yerli valyutalarla ödənilən mövcud kredit xətlərinin və qrantların asanlaşdırılması, sadələşdirilməsi, sürətləndirilməsi və gücləndirilməsi;
  • Bundan əlavə, cari böhran vəziyyətində Aİ risklərin idarə edilməsi üzrə 500 milyon avro həcmində əsas vasitəsi olan Avropa Dayanıqlı İnkişaf Fondunu (EFSD) səfərbər etmişdir. Bu yolla dərhal likvidlik təmin olunacaq və BMQ-lar təcili şəkildə ondan istifadə edərək Aİ-nın Qonşuluğunda dövriyyə kapitalı, maliyyə ticarəti, habelə borc xidməti üzrə moratorium və digər yollarla likvidliyi təşviq edəcəkdir.

Avropa Komissiyası həmçinin fövqəladə hallar zamanı fəsadların aradan qaldırılmasına hazırlıq planlarının və səhiyyə sistemlərinin qiymətləndirilməsinə dair Aİ-yə üzv dövlətlərin təcrübəsindən və qabaqcıl təcrübələrdən istifadə edərək özünün qarşılıqlı əməkdaşlıq aləti olan TAIEX vasitəsilə də Aİ ilə Azərbaycanlı ekspertlər arasında ən yaxşı təcrübə mübadiləsinin aparılmasına yardım etməyə hazırdır.

COVID-19 virusunun kütləvi şəkildə yayılması həm Avropa İttifaqı daxilində, həm də xaricində yerləşən mənbələrdən bu virus haqqında çoxlu sayda mif və dezinformasiyaların yayılmasını sürətləndirib. Bu barədə daha ətraflı Koronavirus ilə bağlı dezinformasiyalar haqqında hesabatda oxuyun.

Avropa Komissiyasının COVID-19 virusunun yayılmasına qarşı Avropanın vahid cavab reaksiyasının əlaqələndirilməsi ilə bağlı məlumat üçün buraya klikləyin.

İnformasiya vərəqi