Delegation of the European Union to Eswatini

Avropa İttifaqı və BMTİP koronavirus pandemiyası dövründə Azərbaycanda peşə təhsili pilləsi üzrə onlayn tədrisin təşkilində Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəstək olur

Bakı, 24/09/2020 - 13:24, UNIQUE ID: 200924_7
Press releases

Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə Azərbaycanda peşə təhsili müəssisələrinin tələbələri üçün onlayn dərslərin çəkilişləri davam etdirilir.

Cari tədris ili üçün ixtisas modulları üzrə dərslərlə yanaşı, baza modulları üzrə də elektron resurslar hazırlanmaqdadır. Qeyd edək ki, ötən tədris ilində birgə əməkdaşlıq çərçivəsində bir sıra peşə ixtisasları üzrə onlayn dərslər ərsəyə gətirilib. Ümumilikdə hazırlanan video dərslər koronavirus pandemiyası dövründə təhsilin distant formada davam etdirilməsi məqsədilə televiziyada yayımlanacaq.

Yeni tədris ilində tələbələrin distant tədrisinə dəstək məqsədi ilə sahibkarlıq, şəxsi inkişaf və karyera planlaşdırması, İKT kimi baza modulları, həmçinin kompüter operatoru, dərzi ixtisasları üzrə onlayn dərslər hazırlanıb. Adıçəkilən dərslər ARB Günəş televiziya kanalında "Dərs vaxtı" adı altında 25 sentyabr tarixindən etibarən yayımlanacaq, müxtəlif rəqəmsal platformalarda, o cümlədən Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi YouTube kanalında paylaşılacaq.

Teledərslər tələbələrin nəzəri və praktiki biliklərinin artırılmasını hədəfləyərək hər kəsin, xüsusən də ölkədə internetə çıxışı olmayan şəxslərin təhsilinə dəstək olacaq. Bütün dərslər həmçinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin VIDEO.EDU.AZ portalına yerləşdiriləcək.

 

Dərslər, Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili və təlimi sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən “Lənkəran İqtisadi Rayonunda Regional Model Peşə Təhsili Mərkəzinin Yaradılması” və “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Təhsili Mərkəzinin Yaradılmasına dəstək” layihələri çərçivəsində hazırlanır.

Languages:
Redaksiya Bölmələri: