The European Union Delegation to Egypt

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində Avropa İttifaqı da iştirak edir

Baku, 10/10/2019 - 15:13, UNIQUE ID: 191010_31
Press releases

10-12 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “Eduexpo” sərgisi keçiriləcək. Bu il ilk dəfə olaraq Avropa İttifaqıda ölkədə və regionda təhsil sahəsinə həsr olunan və aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, eləcə də xaricdə təhsil üzrə konsaltinq şirkətlərini bir araya gətirən bu irimiqyaslı beynəlxalq sərgidə iştirak edəcək. Keçirildiyi üç gün ərzində təhsil sahəsində ən son nailiyyətləri və innovasiyaları nümayiş etdirmək üçün interaktiv platforma olan bu sərgidə Avropa İttifaqı “Avropada Təhsil” guşəsi adlanan birləşmiş stendlə çıxış edir.

     “Avropada Təhsil” guşəsində Milli Erasmus+ Ofisi, “Gənc Avropa Səfirləri” şəbəkəsi, Şərq Tərəfdaşlığı Avropa Məktəbi və Avropa İttifaqına üzv olan 10 ölkənin səfirlikləri və təhsil müəssisələri yer alır.

     Guşədə Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland Krallığı, Polşa, Rumıniya kimi ölkələrin səfirlikləri təmsil olunur. Çex Respublikası, Fransa, Polşa, Litva, Avstriya və Rumıniyadan isə sərgidə müxtəlif təhsil müəssisələri və təhsil mərkəzləri təqdim olunur. Sərgidə Avstriyanın Təhsil və Tədqiqatlar üzrə Beynəlxalq Əməkdaşlıq Agentliyi, Rumıniyadan “Babeș-Bolyai” Universiteti, Litvadan Klaypeda Universiteti, Çexiyadan PRİGO Universiteti və Qərbi Bohemiya Universiteti, Fransadan “Azərbaycanda Fransız İnstitutu” və Bakı Fransız Liseyi, Polşadan isə Varşava Universiteti, Mariya-Küri Skladovska Universiteti və Lodz şəhərinin Humanitar-İqtisad Universiteti çıxış edir.

     Sərgi çərçivəsində həyata keçirilən “Xüsusi təqdimatlar vaxtı”nda “Avropada Təhsil” guşəsində yer alan səfirliklər, proqramlar və təhsil müəssisələri tərəfindən geniş auditoriyaya təqdimatlar nümayiş etdiriləcəkdir. Sərginin hər üç günündə Azərbaycanda “Erasmus+” proqramının təqdimatı həyata keçiriləcəkdir. 11 oktyabrda isə ardıcıl olaraq, Avstriya, Milli Erasmus+ Ofisi, Latviya, Fransa, Rumıniya, Şərq Tərəfdaşlığında Avropa Məktəbi və Macarıstan öz təqdimatlarını nümayiş etdirəcəklər.

     Beləliklə, böyük ziyarətçi kütləsinə malik olan bu irimiqyaslı beynəlxalq sərgidə Avropa İttifaqının “Avropada Təhsil” guşəsi ilə iştirak etməsi azərbaycanlı gənclərin xaricdə təhsil və təqaüd imkanları barədə məlumatlandırılmasına töhfə verəcəkdir.

Editorial Sections: