Delegation of the European Union to Colombia

Aİ və Azərbaycan ədliyyə, insan hüquqları və demokratiya məsələlərini müzakirə edir

Bakı, 08/05/2021 - 16:05, UNIQUE ID: 210508_33
Press releases

Avropa İttifaqının Bakı Nümayəndəliyinin rəhbəri Səfir Kəstutis Yankauskas və Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev 8 may tarixində görüş keçirmişdir.

Səfir Yankauskas Azərbaycan Vəkillər Kollegiyası tərəfindən insan hüquqları müdafiə vəkili Şəhla Hümbətova və İradə Cavadovanın səlahiyyətlərinin bərpa olunmasını alqışlayaraq vəkillik fəaliyyətinə xitam verilmiş və fəaliyyəti dayandırılmış digər vəkillərin də işlərinə baxılacağına dair gözləntilərini vurğulamışdır. Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri hüquq müdafiəçilərinin qanunun aliliyinin sütunları olduğunu və demokratik dəyərlərin qorunmasında müstəsna rol oynadıqlarını vurğulamışdır. Görüş 26 və 27 aprel tarixlərində baş tutmuş Aİ-Azərbaycan Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə Alt Komitəsinin 9-cu iclasını yekunlaşdırmışdır. Görüş Bakıda keçirilməli idi, lakin Covid-19 pandemiyası ilə bağlı məhdudiyyətlər səbəbindən videokonfrans formatında baş tutmuşdur. Alt komitə iclasının keçirilməsində məqsəd 2020-ci ilin mart ayında keçirilmiş son görüşdən sonra ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya sahəsində baş vermiş son gəlişmələri nəzərdən keçirmək və cari islahatlar, islahatların icrası və gələcək planlar, o cümlədən bu sahələrdə Aİ-nin göstərə biləcəyi yardım və əməkdaşlığa dair fikir mübadiləsi aparmaq olmuşdur. Avropa İttifaqının İnsan Hüquqları üzrə Xüsusi Nümayəndəsi Eamon Gilmore Aİ və Azərbaycan arasında insan hüquqlarına dair keçirilmiş son dialoqdan sonra Aİ daxilində insan hüquqları sahəsində mövcud olan çətinliklərə və siyasi konsepsiyanın hazırlanmasına dair ümumi məruzə təqdim etmişdir. Xüsusi Nümayəndənin iştirakı Avropa İttifaqının Aİ-Azərbaycan münasibətlərində insan hüquqları sahəsinə necə əhəmiyyət verdiyinin göstəricisidir.

Bu il görüş xüsusi şərtlər altında baş tutmuşdur. Mövcud Covid-19 pandemiyası və onun sosial və iqtisadı təsirləri insan hüquqlari, demokratiya və qanunun aliliyi ilə bağlı vəziyyətə mənfi təsir göstərmişdir. Postmüharibə dövründə Aİ hərtərəfli və obyektiv şəkildə araşdırılmalı olan istənilən beynəlxalq humanitar qanun pozuntusu üçün məsuliyyətin vacibliyini vurğulamışdır. Aİ, həmçinin beynəlxalq humanitar qanunlar və götürülən öhdəliklərə uyğun olaraq qalan erməni hərbçilərinin qaytarılması işinin tamamlanmasının vacib olduğunu vurğulamışdır. Məcburi köçkünlərin qayıtması Azərbaycan üçün prioritet məsələ olaraq qalır və bu baxımdan, torpaqların təcili olaraq minalardan təmizlənməyə ehtiyac vardır, çünki bu, insanların münaqişəyə məruz qalmış ərazilərə təhlükəsiz şəkildə dönüşü üçün əsas şərtdir.

 

[Ümumi Məlumat]

Aİ-Azərbaycan Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə Alt-Komitəsi iclasının ilk hissəsi insan hüquqları və demokratiya mövzusuna həsr edilmişdir. Aİ və Azərbaycan sərbəst toplaşma, birləşmə və ifadə azadlıqları ilə bağlı davamlı çağırışları müzakirə etmiş, həmçinin bir sıra fərdi məsələlərə də toxunmuşdur. Hər iki tərəf gender bərabərliyi və insan hüquqları sahəsində yeniliklər barəsində məlumatlandırılmış, beynəlxalq çoxtərəfli və regional arenada əməkdaşlığa dair fikir mübadiləsi aparmışdır. 

Alt-Komitə iclasının ikinci hissəsində Aİ və Azərbaycan ədliyyə sahəsində həyata keçirilmiş islahatları nəzərdən keçirmişvə miqrasiya, siyasi sığınacaq və sərhəd idarəçiliyi sahəsində baş tutan səmərəli əməkdaşlığa dair müzakirə aparmışdır. Aİ və Azərbaycan həmçinin mütəşəkkil cinayətkarlıqla mübarizə, insan alveri və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində baş verənləri müzakirə etmişdir. Korrupsiya ilə mübarizə, həmçinin şəxsi məlumatların qorunmasını nəzərdə tutan normativ baza sahəsində hər iki tərəf atılan addımlara və həyata keçirilən islahatlara dair məlumat mübadiləsi aparmışdır.

Aİ və Azərbaycan bu Alt Komitə iclasının əhatə etdiyi sahələrlə məşğul olmağa davam edəcək.

Aİ-Azərbaycan Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə Alt Komitəsinin 9-cu iclasına Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev və Avropa Xarici Fəaliyyət Xidmətində şöbə müdiri Riçard Tibbels həmsədrlik etmişdir. Alt Komitənin iclasına hazırlıqlar çərçivəsində Aİ vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşmüşdür.

 

Languages:
Redaksiya Bölmələri:

Müəllif