Delegation of the European Union to Colombia

Avropa İttifaqı məişət zorakılığı çağırışlarına cavab olaraq ən qabaqcıl təcrübələrin paylaşılması məqsədilə Azərbaycanla əməkdaşlıq etməkdə davam edir

Bakı, 30/03/2021 - 13:00, UNIQUE ID: 210330_4
Press releases

Avropa İttifaqının mailiyyə dəstəyi ilə Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin və onların təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı dövlət qurumlarının dəstəklənməsi sahəsində daha bir layihənin icrasına başlanılıb. Layihə çərçivəsində Litva və Avstriaydan olan ekspertlər komandası tərəfindən qabaqcıl Avropa təcrübəsinə uyğun olaraq qanunvericiliyin, istiqamətləndirmə mexanizmlərinin və məişət zorakılığından zərərçəkmiş şəxslərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində işin aparılması nəzərdə tutulub.

Məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” adlı Tvinninq layihəsinin rəsmi açılışı tədbiri onlayn formatda 29 mart 2021-ci il tarixində keçirilib.

Layihənin Azərbaycan üzrə rəhbəri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tədbiri açıq elan edərək bildirib ki, “milli mənəvi dəyərlərin aşılanması, ailədə gender bərabərliyinin təmin olunması, hüquqi bazanın təkmilləşdirilməsi və həyata keçirilməsi məişət zorakılığının qarşısının alınmasında əsas şərtdir”.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas bildirib ki, “Avropa İttifaqı qanunvercilik bazasının və qurumların gücləndirilməsi, inkişaf və təhsilin dəstəklənməsi, zorakılıq qurbanlarına göstərilən xidmətlərin yaxşılaşdırılması, zorakılığı törədən səbəblərin aradan qaldırılması və qadınların səlahiyyətləndirilməsi istiqamətində öz tərəfdaşları ilə yorulmadan işləməyə hazırdır”.

Qeyd olunmalıdır ki, sözügedən Tvinninq layihəsi çərçivəsində qarşısına qoyulan məqsədlər “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nında qarşıya qoyulmuş məqsədlərlə uyğunluq təşkil edir və layihənin icra müddəti Milli Fəaliyyət Planının icrası üçün nəzərdə tutulmuş dövrə təsadüf edir. Bu, layihənin əhəmiyyətini daha da artırır və Avropa İttifaqının müasir dövrün çağırışlarına uyğun olaraq məişət zorakılığı ilə bağlı hədəflərin əldə olunmasında Azərbaycana köməklik göstərilməsi istiqamətində səylərini daha da dəstəkləmiş olur. 

Layihə çərçivəsində Gender əsaslı zorakılıq və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının hüquqi statusunun gücləndirilməsi, məişət zorakılığının kriminallaşdırılması ilə bağlı hüquqi mühitin formalaşdırılması, məişət zorakılığı qurbanları üçün hüquqi və psixoloji yardım mexanizminin yaradılması və məişət zorakılığı törədən şəxslər üçün reabilitasiya proqramının yaradılması ilə bağlı iş aparılacaq. Bundan başqa, polis işçiləri, hakimlər və sosial işçilər üçün məişət zorakılığı indikatorları, risk qiymətləndirmə meyarları və digər mövzularda təlimlərin təşkili planlaşdırılır. Layihə çərçivəsində eləcə də məişət zorakılığı sahəsində məlumatlılığın artırılması və bu sahədə həyata keçirilən profilaktik tədbirlərə töhfə verilməsi məqsədilə maarifləndirmə kampaniyasının işlənib hazırlanması üçün jurnalistlərin və nüfuzlu sosial media liderlərinin cəlb edilməsi nəzərdə tutulub.

Qeyd olunmalıdır ki, 2010-cu ilə Azərbaycan tərəfindən “Məişət zorakılığının qarşısının alınması” haqqında Qanunun qəbul edilməsindən bu günə qədər Avropa İttifaqı müasir beynəlxalq standartlara və təcrübəyə uyğunluğun təmin edilməsi və məişət zorakılığının qarşısının alınması ilə bağlı görülən tədbirlərin səmərəliliyinin artırılması istiqamətində Azərbaycanı dəstəkləməkdədir.

 

Daha ətraflı məlumat üçün:

Aytac Atakişiyeva, Məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” Tvinninq layihəsində Rezident Tvinninq Müşavirinin assistenti

aytajatakishiyeva@gmail.com

 

Languages:
Redaksiya Bölmələri:

Müəllif