Azərbaycanda Sanitar və Fitosanitar (SF) tədbirlərin gücləndirilməsi

10.06.2021

Bu gün (10 iyun cümə axşamı), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi tərəfindən, o cümlədən, Aİ Üzv Dövlətləri tərəfdən icraçı partnyorlar olaraq - Latviya və Litva tərəfindən Zoom platforması vasitəsilə, dövlət qurumlarından və qeyri-hökumət təşkilatlarından təxminən 50 digər maraqlı tərəfdaşların iştirakı ilə Aİ-Azərbaycan Tvinninq Layihəsinin başlanmasına dair ilk konfrans keçirildi.

   Konfransı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini f.e.d. Zəkiyyə Mustafayeva və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Nazir Müşaviri və Əməkdaşlıq üzrə Rəhbəri xanım Simona Gatti açdılar.

Tvinninq Layihəsinin spesifik məqsədi, əsas  diqqəti bitki mənşəli qida və yemə ayırmaqla, sanitar və fitosanitar (SF) qaydalara uyğun qanunvericiliyi daha da inkişaf etdirib təkmilləşdirməkdə AQTA-nın bacarıqlarını gücləndirməkdir. Bu, Azərbaycanda qida təhlükəsizliyini artırmaq və aqrar qida məhsullarının beynəlxalq ticarətin müvafiq tələblərinə cavab verməsi üçündür.

Layihə tərəfdaşları və layihənin müddəti: Layihə AQTA tərəfindən Latviya Respublikasının Dövlət Bitki Mühafizə Xidməti və Litva Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Xidməti ilə əməkdaşlıqla həyata keçirilir. Layihə 2020-ci ilin noyabrında başlayıb və 24 ay davam edəcək.

Tədbirin əsas məqsədi:

  • Davamlı islahatlar, Aİ-nin “Fermadan Çəngələ” adlı strategiyası və digər vacib mövzulara dair istinadlar daxil olmaqla həm Azərbaycanda, həm də Aİ-də qida təhlükəsizliyi və fitosanitar sahələrdəki mövcud vəziyyət barədə iştirakçıları məlumatlandırmaq;
  • Layihənin məqsədləri, fəaliyyətləri və əlavə dəyəri barədə maraqlı tərəflərin və geniş ictimaiyyəti məlumatlandırmaq;
  • Bütün maraqlı tərəflər arasında məlumat mübadiləsini təmin etmək.

Azərbaycanın regional və beynəlxalq aqrar qida ticarətinin inkişafı zati-aliləri cənab Prezident tərəfindən 6 dekabr 2016-cı il tarixində qəbul edilmiş ölkənin Milli İqtisadi İslahat Yol Xəritəsinin əsas sütunudur. Azərbaycan məhsullarının keyfiyyəti və təhlükəsizliyi baxımından beynəlxalq tələblərə cavab verməsi vacibdir. Bu nöqteyi-nəzərdən Tvinninq Layihəsi çərçivəsində hazırlanacaq qanunvericilik Azərbaycanın qida təhlükəsizliyi sistemini qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdıracaq və qida təhlükəsizliyi və qida sənayesində rəqabət qabiliyyətinin artmasına səbəb olacaqdır.

Xanım Mustafayeva dedi: Qeyd olunan istiqamətlər üzrə təşkilati missiyamızı həyata keçirmək qarşıda duran əsas vəzifələrdəndir. Ona görə də bu layihədən olduqca yüksək gözləntilərimiz var və inanıram ki, layihə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun institusional potensialının və əməkdaşlarının peşəkar bacarıqlarının artırılması baxımından çox faydalı olacaqdır.

Özünün funksional vəzifələrinin icrasına üç ilə yaxın bir müddətdə başlamış Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qısa müddət ərzində qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün bir sıra tədbirlər həyata keçirmiş və ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması üzrə həm qanunvericilik bazasının təkmilləşdirilməsi, bu sahədə normativ texniki sənədlərin işlənib hazırlanması, maddi-texniki bazanın yaradılması və ən müasir tələblərə cavab verən laborotoriyaların qurulması istiqamətində mühüm nailiyyətlər əldə etmişdir. Ümid edirəm ki, birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək bu layihənin də qarşılıqlı fəaliyyət və yüksək komanda işi nəticəsində ölkəmizdə sanitar və fitosanitar tədbirlərin gücləndirilməsində müsbət təsiri olacaq və bu istiqamətdə həyata keçirilən işlərə öz töhfəsini verəcəkdir.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Nazir Müşaviri və Əməkdaşlıq üzrə Rəhbəri xanım Simona Qatti, başlanğıc təqdimatı qeyd edilən SF layihəsinin, əsas etibarilə Aİ-nin “Fermadan Çəngələ” Strategiyasının əhatə dairəsinə aid olduğunu vurğuladı və qeyd etdi ki, bu da, öz növbəsində, Aİ-nin 2050-ci ilə qədər Aİ-nin iqlim neytrallığı, sıfır tullantı və sıfır emissiya hədəfləri ilə yaşıl çevrilmə gündəliyini ehtiva edən yeni Green Deal (Yaşıl Razılaşma) layihəsinin mərkəzi sütunudur.

Xanım Simona Qatti dedi: “ “Fermadan Çəngələ” strategiyası çərçivəsində biz pestisidlərin, gübrələrin və antimikrob maddələrin istifadəsini azaldaraq qida təhlükəsizliyini ən yüksək səviyyədə saxlamağa, orqanik istehsalı genişləndirməyə, qida tullantılarını məhdudlaşdırmağa və məsuliyyətli istehlakı təşviq etməyə səy göstəririk. Bu iddialı hədəflər, yeni imkanlar yaradan inovasiyaların araşdırılması və işlənib hazırlanması  ilə dəstəklənir. Bu işdə bizə qoşulmaq üçün dünyadakı tərəfdaşlarımızla əlaqələr yaradırıq.

Bu səbəbdən bu gün təqdim olunan Layihə başlanması ilə Azərbaycan və onun Qida Təhlükəsizliyi Agentliyi ilə uzunmüddətli əməkdaşlığımızı davam etdirdiyimizə görə çox xoşbəxtəm. Layihə Azərbaycanda qida təhlükəsizliyi nəzarətinin, pestisid qeydiyyatının və istifadəsinin Aİ və Beynəlxalq Standartlara uyğunlaşdırılmasına kömək edəcəkdir. Bu, kənd təsərrüfatı məhsulları istehsalçıları, istehlakçılar, ticarət, ətraf mühit və GREEN DEAL (Yaşıl Razılaşma) üçün yaxşı xəbərdir.”

Latviya və Litvanın səfirləri salamlama nitqi söylədilər. Latviyadan Layihə Rəhbəri xanım Kristine Lifanova, Litvadan Kiçik Layihə Lideri cənab Sergejus Fedotovas, habelə AQTA və Aİ-dən Layihənin fəaliyyətləri üzərində işləyəcək qida təhlükəsizliyi və bitki mühafizəsi üzrə əsas mütəxəssislər Başlanğıc konfransında təqdimatlar etdilər.